Son bir necə onillikdə həyatımızın ritmi kəskin şəkildə dəyişdiyindən informasiya almaq, xüsusən də onun emalıyla bağlı istəklərimiz də dəyişib. Dünya artıq o  dünya deyil, elə biz də!

Əslində, müxtəlif dillər və onların əsrarəngiz dünyası insanı həmişə cəlb edib. Lakin kosmos və informasiya əsrində bu konu özəl aktuallıq qazanıb. Zamanın bir paradoksu var – biz irəli getdikcə keçmişi daha yaxşı qavrayırıq. Bu aforizm dillərin tarixi konusuna da aiddir. Alimlərin fikrincə, ən qədim məlum dillər sırasına prototürk, sanskrit, şumer və ivrit daxildir. Bunun məhz belə olmasının başlıca sübutu bu dillərdə yazılı məxəzlərin olmasıdır. Bəs, ən qədim dil hansıdır? Təəssüf ki, bu sualıa cavab vermək asan deyil, çünki yuxarıda adları keçən dillər istisna olmaqla digər dillərin yazılı tarixi yoxdur.

     Indi dilçiliyin ən populyar suallarından biri “ilk dilin” nə vaxt yaranması və onun məhz “vahid dil” ola bilməsi faktıdır. Dil əcdadlarımız arasında toplumsal bağları gücləndirmək üçün gəlişib. Belə hesab olunur ki, atalarımız dili təbiətdəki səsləri yamsılamaq yoluyla gəlişdiriblər. Bu cür fikirlər sözügedən sorunla bağlı özəl bir nəzəriyyənin yaranmasıyla sonuclanıb.  Dildəki bəlli sözlər, şübhəsiz ki, təbiəti yamsılamaqla yaradılıb. Lakin olduqca mürəkkəb sistemə malik dilin bütövlükdə məhz bu yolla yaradıldığını düşünmək sadəlöhvlük olardı. Odur ki, dilin başlanğıcıyla bağlı yamsılama nəzəriyyəsi, fəlsəfi dilə desək, hissə və tam arasına bərabərlik işarəsi qoymaq deməkdir və şübhəsiz ki, yanlışdır. Bu nəzəriyyə dildəki yalnız bəlli sözlərə yanaşmada özünü doğruldur. İnsanın dil vasitəsilə ünsiyyət və ya özünüifadəsi məcburi səslərin yaranmasıyla da başlaya bilər: məsələn, ağrıdan və ya təəccübdən doğulan səslər; kədərdən yaranan fəryadlar; sevinc və ya təntənədən əmələ gələn nidalar!

     Bəs, bütün dilləri özündən doğuran ilkin dil məsələsi? O nə dərəcədə inandırıcıdır? Hazırda dünyada 2700 dil və onlardan törəyən 7000 fərdi ləhcə var. Düzdür, bu dillər arasında ölüb gedən və ya ölüb getməkdə olanlar da mövcuddur. Amma dillərin çoxu geniş şəkildə istifadə olunmaqdadır: məsələn, çin, ispan, ingilis, hind dili və sair. Bu dillər arasında əhali sayına görə birinci yerdə çin dili durur. Avropa Birliyində 24 işlək dil var. Ingilis dili dünyada ən çox insanın bildiyi dil  sayıla bilər, amma istifadəçilərin bir çoxu üçün o doğma deyil, ikinci dildir. ABŞ-da 300-dən çox dildə danışılır, lakin ölkənin rəsmi dili yoxdur. Rəsmi dillərin sayına görə Cənubi Afrika on bir dil ilə rekord göstəriciyə malikdir. ABŞ-da əhalinin 5 yaşlı və daha böyük nümayəndələrinin 21% -i evdə başqa dildə danışır. Bu 21 faiz əhalinin 62 faizi ispan dilindən istifadə edir. Buna baxmayaraq, ispan dilində danışanların 56% -i ingilis dilini “çox yaxşı” bilir. Bütün bunlardan sonra “bu qədər müxtəlif dil adi jest və qırıq səslərdən əmələ gələn bir əsas dilin üzərındə qurulub, sonradan müxtəlif dillərə parçalanaraq ayrılıqda inkişaf edib” fikri, yüngül desək,  çaşqınlığa səbəb olur və özünü doğrultmur.

Asiyanın payına təqribən 2200 dil düşür. Bu  gün 2400 dil ölmək təhlükəsiylə üz-üzədir. İndiyə qədər təxminən 240 dil yer üzündən tamamilə silinib. Statistika göstərir ki, təqribən hər 15 gündən bir hanısa dil ölür. Dünyada süni yaradılmış dillər də var və onların  ən ünlü örnəyi   “esperanto”dur. Bu dildə hazırda təqribən 500 000-dən 2000000-a qədər adam danışır.

     Dillər qarşılıqlı surətdə və daimi olaraq bir-birinə təsir edir. Eyni ərazidəki dillər bir-birinə daha çox təmas edir, məsələn, ingilis dilinin 30%-i fransız sözləridir.      Dillərin – istər ölü, istər diri olsun – bu müxtəlifliyi insanlığın dərin və rəngarəng tarixi kültüründən xəbər verir. Öyrəndiyimiz hər yeni dil yeni, tamam fərqli bir kültür, dünyagörüşü, mentalitetin qapılarını üzümüzə açır, təkcə savadımızı artırmaqla qalmayıb, həm də mənəvi çoğrafiyamızı genişləndirir. Biz heç özümüz də fərqinə varmadan öyrəndiyimiz dillərin sayı qədər “mən”lərin daşıyıcısına çevrilir, daxilən böyüyürük.

KİTABDAN İSTİFADƏ QAYDALARI

        Bu kitab ingilis dilini sıfırdan “intermediate” səviyyəsinə qədər öyrətməyi nəzərdə tutur, daha yüksək səviyyə üçün isə kitabın “Upper-intermediate” və “Advanced” səviyyələrindən istifadə edə bilərsiniz. Başlanğıc səviyyədən orta, yəni “intermediate” səviyyəyə qədərki qrammatika və leksikanı yeni üsulda birləşdirmişik ki, bu da sizə dili ən qısa sürədə öyrənməyə imkan verəcək. Kitab dil və onun tədrisiylə bağlı giriş, özəl tərtib edilmiş söz bazası, bu sözlər əsasında qrammatikanın ana xəttinin əlaqəli izahı, işlək ifadələrlə zəngin 20 dərs və “Bonus” adlı hissədən ibarətdir. Daha yaxşı qavranılsın deyə praktik qrammatika materialları müəllifin özəl  açıqlamaları əsasında verilib. Kitabın uyğun profilli vəsaitlər içində ən praktik və təkrarsız olması bununla bağlıdır ki,  o, dil tədrisindəki psixolinqvistik qanunlara uyğun qurulub. Məsələyə bəsit yanaşsaq, kitab sanki dili mükəmməl bilən adamın onun detallarını öz beynində asan alqoritmə, vahid orqanizm halına salmasına bənzəyir.

      Bu kitab ciddi bir sturuktura malikdir və onu məhz yazıldığı ardıcıllıqla öyrənmək lazımdır. Başqa sözlə, əvvəlcə qrammatik izahları oxumalı, bütün nümunələr haqda diqqətlə düşünməli və onları eyni səhifədə verilmiş tərcümələri ilə tutuşdurmalısınız. Kitabdakı söz əmələgətirmə bölmələri də eyni qaydada təqdim olunub. Yalnız bundan sonra dərsin ürəyi olan mətni öyrənməyə başlamalısınız. Onu məzmun tam aydınlaşana qədər ​​dəfələrlə oxumaq lazımdır. Kömək üçün lüğətə və qeydlərə söykənərək əvvəlcə mətni özünüzə oxumağınız məsləhətdir. Mətndən dərhal sonra isə müvafiq qrammatika bölmələrinə qayıdın. Mətnin tam və dəqiq şəkildə başa düşülməsinə nail oldunuzsa, onu yenidən (daha yüksək səslə) oxuyun, şifahi şəkildə, əgər vaxtınız varsa, sonra yazılı şəkildə tərcümə edin.

       Dərslərin strukturuna gəldikdə isə hər dərs bir “gün” kimi qeyd edilib və bütövlükdə 20 gündən ibarətdir. Hər “gün”, yəni hər dərs aşağıdakı ardıcıllıqda qurulub:

-qrammatika;

-sözlər;

-suallar;

-bir mətndə dil;

-bonus.

QRAMMATIKA

Ümumiyyətlə qrammatikaya mümkün qədər praktik baxmaq və cümlə quruluşunun sxemi kimi yanaşmaq lazımdır. Kitabda qrammatika məhz elə bu cür də verilib. Onun təqdimi dörd əsas qismə bölünür: feillər; modal feillər; əlavələr; zamanlar.  Yadda saxlayın ki, bu bölgü digər dil təlimlərinə məxsus deyil  və müəllifin birbaşa öz fərdi metodundan irəli gəlir.

SÖZLƏR

Kitabda “intermediate” səviyyəyə (level) aid 2000 söz verilib. Bu sözlər fellər, isimlər, sifətlər və sairəyə bölünür. Əslində, 2000 söz “intermediate” səviyyə üçün bir az çoxdur. Amma dil özəl bir sərhəddə malik olmadığı üçün sözləri lazım olduğundan artıq vermişik ki, onları hətta səksən faiz öyrənsəniz belə, yetərli olsun. Oxu qaydalarına gəldikdə isə sözlər ən önəmli hərf birləşmələrinin cədvəli halında tərtib edilib və mövzular üzrə qruplaşdırılıb. Onlar hər biri yaranmasında iştirak etdikləri fraza (phrase) daxilində verilib: məsələn: house – in my new house. Gördüyümüz kimi, burada sözönü, mənsubiyyət əvəzliyi, sifət və ismin bir frazada birləşməsi verilib.

SUALLAR

          Bu başlıq xüsusi önəm daşıyır.  Kitabda bütün bölmələrə aid verilən suallar nə üçündür? Əlbəttə ki, həmin bölümü yaxşı dərk etmək, eləcə də, başqalarının o sahə ilə bağlı fikirlərindən xəbərdar olmaq üçün! Çünki öyrənmək istədiyiniz hər hansı bir mövzuyla bağlı sualları bilməklə, bu sahənin sanki sərhədlərini müəyyən edəcəksiniz və burda sizin üçün qeyri-müəyyən heç nə qalmayacaq.  Belə yanaşma öz araşdırmalarınızda sizə ani olaraq aydın istiqamət verəcək. Belə sualların olmadığı halda isə öyrəndiyiniz sahənin nədən ibarət olduğu sizin üçün həmişə qeyri-müəyyən qalardı. Amma bu suallar dilçiliyin deyil,  konkret bir dilin suallarıdır. Kitabda onların cavabları həm yazılı izah, həm də audio (səsli) olaraq verilib.  

BİR MƏTNDƏ DİL

Kitabın əsas hədəfi sizin düşüncənizdə dilin topoqrafik xəritəsini formalaşdırmaqdır. Sual  oluna bilər ki, “bir mətndə dil” rəmzi ifadəsinin arxasında nə durur? Cavab: dili bilmək, yəni böyük söz və qrammatik bazaya sahib olmaq hələ danışmaq anlamına gəlmir; hər hansı bir dildə danışmaq sözlərin kəmiyyətindən asılı olmayıb,  o dildə mövcud olan nitq qəliblərini bilməklə bağlıdır; dildə bir-bir cümlə qurmağı öyrənmək çox asandır, amma dayanmadan, ardıcıl dörd-beş cümlə qurmaq üçün siz özəl vərdişə sahib olmalı, bunun üçün sisə nitq qəliblərini mənimsəməlisiniuz. Və belə olan halda artıq danışmağa başlayırsınız… Odur ki, məhz bu qəlibləri hiss etmək daha vacibdir. Elə adamlar var  ki, vur-tut 500-600 sözlə çox rahat danışırlar.  Amma onların bu kiçik bazalı sürətli danışıq qabiliyyəti böyük söz bazası və qrammatikanı  bilmələrindən daha vacibdir. Elə ona görə də bu qəlibi formalaşdıran, nitqin xəritəsini yaradan və məşqlərdən sonra onu avtomatikləşdirən “bir mətndə dil” yaratdıq. Bu, əlbəttə, o qədər də asan olmadı. Bilirsiniz niyə? Çünki nitq olayı, hətta insanın öz doğma dilində belə şüurlu şəkildə baş vermir.  O, alt şüürla bağlıdır. Bu, çağdaş dünya dilçiliyində dil  və düşüncə problemləriylə ilgili ən ciddi məsələlərdən biridir. Məlumdur ki, insanın doğma dilindən sonra hansısa ikinci dili mənimsəməsi prosesi süni yolla gedir. Yəni mənimsəmə prosesinin təbii qaydada getdiyi ana dilindən fərqli olaraq, ikinci dili öyrənən zaman nitq qəlibi öncə insanın düşüncəsində süni surətdə formalaşdırılır, sonradan tədricən avtomatlaşaraq alt şuura keçir və yalnız bundan sonra “təbiiləşir”.  Sünilikdən təbiiliyə məhz bu keçiddə “bir mətndə dil” önəmli rol oynayır. 

           Bəs, ondan necə istifadə etməli? Bu sualın cavabı kitabın “Bonus” bölməsində “Bir mətndə dil” mövzusuna girişdə verilmişdir.

BONUS

            Kitabın sonunda, yəni “Bonus” bölməsində “gün”lər üzrə edilmiş bölgüdəki  qaydalar və söz bazası fərqli şəkildə yenidən verilib ki, bu da onun daxilindəki özəl proqrama genəl baxışa imkan verir. “Bonus” bölməsi dilə səviyyələr üzrə deyil, ümumi baxışı formalaşdırmaq üçün nəzərdə tutulub. Buradakı mövzular fərqli qaydada verilib. Məsələn, qaydasız felləri daha tez oyrənmək üçün, onları vərdiş etdiyimiz əlifba sırasıyla deyil, tiplər üzrə vermişik. Amma onlar  standart olaraq həm də əlifba sırasıyla da verilib.

                  Çalışın ki, aparacağınız qeydləri kitabın öz daxilində edin. Əlavə lüğət tutmaq və ya dəftərdə qeydlər aparmaq bir sıra səbəblərə görə məsləhət deyil. Əgər yazılan bütün qaydalara riayət edilsə – “hər gün”ü,  yəni hər dərsi bir gün ərzində öyrənmək olar. Dərslərin öyrənilməsi ardıcıllığında məcburiyyət yoxdur, yəni istəsəniz, tədrisə kitabın ortasından da başlaya bilərsiniz. Amma yadda saxlayın ki, hər “gün”ü yazıldığı qaydalar üzrə öyrənsəniz, daha məqsədəuyğun oilar.

DİL ÖYRƏNMƏYİN SİRLƏRİ

       Görəsən, dil öyrənmək təkcə insanları anlamaq üçündürmü? Yox, onun  digər faydaları da var. Iki və daha çox dil öyrənmək insanı daha ağıllı və dərrakəli edir. Bir sıra alimlər də bu fikirlə razılaşır və onların araşdırmaları göstərir ki, poliqlot olmaq insan beyninin gocalmasını ləngidir. Bundan başqa ikinci (və daha çox!) dil öyrənmək beynin aktivliyini, özəlliklə də analiz qabiliyyətini gücləndirir.  Sonucda beyin ən mürəkkəb görəvləri icra etməyə cəlb olunur və daha geniş alanda fəaliyyət göstərə bilir.

          Insanlar, adətən, dili kortəbii şəkildə öyrənir və ümumiyyətlə, onun quruluşu haqqında düşünmürlər. Bu lap başlanğıcdan ta son dönəmlərə qədər məhz belə olub. Çünki insanlıq son 50 ilə qədər məsələlərə alternativ yollarla deyil, adət üzrə yanaşmağa üstünlük verib. “Ehkamlar”! “Ehkamlar”! Bunalar adətən yaxın olan alternativ çıxış yolunu görməyə mane olur.

             Antik dövrün bir çox böyük sivilizasiyalarının yazılı dili olsa da, onlar dilləri öyrənməyib. Dil öyrənməyə dair ən erkən qeydlərə eramızdan öncə ikinci minilliyə aid Babil mixi yazılarında rast gəlirik. Bunların arasında bəlli bir sözün dürlü qrammatik biçimlərdə yazıldığı lövhələr var. Bu onu göstərir ki, hətta o dönəmdə Babil sakinləri söz, onun formaları və dəyişdirilməsi barədə dəqiq təsəvvürə malik olublar. 

            Dilçilik özəl bir fenomen olaraq dil haqqında elmdir. O, dilin quruluşu, işlənməsi və inkişaf qanunlarını öyrənir. Bunlar dilçiliyin antik dövrdən bugünə qədər cavab verməyə çalışdığı suallardır: -dil nədir?

-o necə qurulub?

-necə işləyir?

-necə dəyişir?

-necə gəlişir?

Dilçiliyin bir elm kimi çoxəsrlik gəlişməsinə baxmayaraq, bu sualları çözmək hələ də çətindir. “Dil nədir?” sorunu öncələrdə İsveçrə alimi Ferdinand de Sössür tərəfindən ortaya qoyulsa da, bu suala tam cavab verilməyib. Dilçilik bir sıra problemləri çözməyə çalışarkən aşağıdakı linqvistik araşdırma metodları meydana gəldi:

-dil və toplum arasındakı əlaqə;

-dil və düşüncə arasındakı əlaqə;

-dil bir işarə sistemi kimi;

-dil tarixən dəyişən fenomen kimi.

     Dilçilik bir çox digər elmlərlə eyni konuları ortaq surətdə araşdırır. O öz predmetinin bəlli yönlərini öyrənmək üçün qeyri-ixtiyarı olaraq digər elmlər çevrəsinə daxil edilib. Çağdaş dünyada elmlər arasında inteqrasiya mövcuddur və bunun sonucunda fənlərarası elmlər yaranıb:

-linqvokulturologiya;

-sosiolinqvistika;

-riyazi dilçilik;

-dil statistikası;

-linvoqrafiya;

-etnolinqvistika.

    Düşüncənin fəaliyyəti haqqında çöxyönlü elm olan dilçilik bir sıra digər elmlər, məsələn, biologiya, psixologiya, fiziologiya, tibb, məntiq və semiotika tərəfindən öyrənilir. Tibb və fiziologiya beynin fəaliyyətini, psixologiya daxili nitq problemlərini, məntiq düşüncə qanunlarını, linqvokulturologiya dil, mədəniyyət və təfəkkürün əlaqəsini, dilçilik dil və təfəkkürün qarşılıqlı münasibətlərini, fizika süni intellektin yaradılmasını öyrənir. Dilçilik çöxyönlü toplumsal elm kimi  sosiologiya, etnoqrafiya, arxeologiya, antropologiya, tarix və coğrafiya tərəfindən öyrənilir. Semiotika, sosiologiya, psixologiya, iqtisadiyyat, kompüter elmləri və media vahid ünsiyyət nəzəriyyəsinin yaradılmasında iştirak edirlər. Tarix, sosiologiya və sosiolinqvistika toplumun mövcudluğunun fərqli dönəmlərində insanın həyatını, onun ayrı-ayrı dillərin özəl şərtlərindən asılı olaraq fəaliyyət və gəlişməsini öyrənir. Coğrafiya, sosiologiya və dilçilik dillərin coğrafi bölgüsünün səbəbləri və şərtlərini, bəlli bir dildə danışanların sayını araşdırır. Linqvoyurdşünaslıq bu və ya digər etnik qrup tərəfindən dünyanın qavranılması və bölünmə özəlliklərini araşdırarkən ekvivalent sözlərin semantik fərqlərini öyrənir. Arxeologiya imla, işarə, yazı əlamətlərini öyrənir. Dilçilər onların açılmasına, dilin bəlli bir dönəmdə bəlli bir ərazidə yayılmasının sınırlarını müəyyənləşdirməyə kömək edirlər. Dialektologiya, folklor, etimologiya, etnolinqvistika, etnoqrafiya xalqların həyatı, digər xalqlarla ilişgiləri haqqında məlumat verir. Kommunikativ dilçilik, mətn dilçiliyi, nitq mədəniyyəti, stilistika insan nitqinin toplumsal davranış qaydalarını öyrənir, uğurlu şifahi ünsiyyət üçün tövsiyələr hazırlayır.

       Ümimiyyətlə, dil öyrənmək özəl düşüncə formatıdir. Bunu az adam dərk edir, amma bu o demək deyil ki, anlaşılmazdır. Bu düşüncə tərzinə hər kəs yiyələnə bilər və sonucda onlar öz qavrayışlarının yönünü sözün müsbət anlamında kəskin dəyişə bilərlər.

        Dilin öyrənilməsində ən yayğın metod xətti səciyyə daşıyır. Bu metod dili ən asan anlayışlardan başlayıb, çətinə doğru öyrənməyə əsaslanır. Amma bu  nadir hallarda böyük sonuclara gətirib çıxarır. Buna alternativ olaraq biz qeyri-xətti metodu, yəni dilin tədrisinə sinergetik baxışı təqdim edirik. Lakin bizim  bu termindən istifadəmiz məlum sinergetika  anlayışına istinad etmir. Yəni müəllif dil öyrənməyə xətti deyil, üstdən, ümumi baxışı təklif edir. Çünki bu,  dili topoqrafik, yəni açıq xəritə şəklində, bütöv görməyə imkan verir.

      Dilləri öyrənməyə başlayanda ilk növbədə dilin gövdəsini təşkil  edən sözləri mükəmməl öyrənmək lazımdır. Çünki hər dilin bazasında onu hərəkətə gətirən toplam yüz-yüz əlli söz var. Onları öyrənmək dilin lüğət tərkibini öyrənməkdən qat-qat önəmlidir. Bura  sözönləri, sual sözləri, əvəzliklər (əsas üç tipi: şəxs, öbyekt forması və mənsubiyyət əvəzlikləri) və artikllar daxildir:

Daha sonra fel, isim və sifətləri öyrənmək lazım gəlir. Təbiidir ki, başlanğıcda öyrəndiymiz sözlər sayca çox olmasa, yaxşıdır. Sonra isə klauz və frazalar qurmaq vərdişinə yiyələnmək lazımdır. Kitabda onların hər biri haqqında geniş məlumat verilib.

     Bəs, dil özü quruluş və mahiyyətcə nədir? Dillər, ümumiyyətlə, əşya haqqında “dörd fikr”i izah edən bir sistemdir. Bu dörd fikri də iki yerə – “mahiyyət” və “fəaliyyət”ə bölmək olar.

1.  Nədir?       (mahiyyət)         It is a table.

2.  Necədir?   (mahiyyət)         It is big.

3.  Hardadır?  (mahiyyət)         It is in the room.

4.  Nə edir?    (fəaliyyət)          It stands.

Daha sonra bu  dörd fikri 3 zaman və 3 cümlə növündə, yəni əmr, nəqli və sual cümləsində işlədirik. Bu, artıq dilin gövdəsidir. Amma hər cümlənin ümumiyyətlə dörd növü var.

1.      Sadə çümlə (Simple Sentence)

2.      Qarışıq cümlə (Compound Sentence)

3.      Tabeli mürəkkəb cümlə (Complex Sentence)

4.      Qarışıq-tabeli mürəkkəb cümlə (Complex – Compound Sentence)   

Kitabda bu  barədə özəl bir bölmə var.

Add Comment

Your email address will not be published. Required fields are marked *

Valyutanı seçin
AZN Azerbaijani manat
EUR Euro